Pakistanda 3 yaşlı qızını ərə vermək istəyən ata saxlanıldı

Pakistanda 3 yaşlı qızını ərə vermək istəyən ata saxlanıldı

Pakistanın Bəlucistan əyalətində 3 yaşlı qızını 60 yaşlı kişiyə satmağa cəhd edən ata həbs edilib.

Xəbəraxını.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin Əfqanıstan sərhədində yerləşən Çaman və Kuçlak bölgələrində baş verib.

Məlumata görə, saxlanılan şəxs Əbdül Baqidir. Onun 3 yaşlı qızı Babbonu 60 yaşlı Salah Uddinə ərə vermək üçün gizli sövdələşməyə girdiyi məlum olub.

Bildirilib ki, sövdələşmə ənənəvi “Valvar” (gəlin pulu) adəti ilə həyata keçirilib. Bu adətə görə bəy tərəfi gəlinin ailəsinə pul ödəyir. Elə buna görə də ata maddi qazanc əldə etmək məqsədilə azyaşlı qızını 2,5 milyon Pakistan rupisi qarşılığında satmağa razılaşıb.

Polis vaxtında müdaxilə etdiyi və pul tam ödənmədiyi üçün nikah yalnız kağız üzərində qalıb. Əgər ödəniş tamamlansaydı, 3 yaşlı qız rəsmən həmin şəxsin həyat yoldaşı sayılacaqdı.

Araşdırma zamanı ailədə daha bir dəhşətli faciə üzə çıxıb. Atanın daha əvvəl 13 yaşlı böyük qızı Şükriyyə Bibini eyni ailəyə, həmin 60 yaşlı kişinin oğluna pul müqabilində ərə verdiyi məlum olub.

Şükriyyə cəmi iki həftə əvvəl – 7 sentyabr 2026-cı ildə qətlə yetirilib. Kuçlak polisi onun həyat yoldaşını saxlayıb. O, ifadəsində azyaşlı həyat yoldaşını qapıdan küçəyə baxdığı üçün qəzəblənərək dəmir çubuqla vurub öldürdüyünü etiraf edib. Məhz bu qətldən iki həftə sonra ata digər azyaşlı qızını eyni ailəyə verməyə razılaşıb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra ölkənin hüquq-mühafizə orqanları hərəkətə keçərək rəsmi araşdırmalara başlayıb.

Ata Çaman şəhərində hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. 60 yaşlı Salah Uddin isə sərhədi keçərək Əfqanıstana qaçıb və hazırda beynəlxalq axtarışdadır.

3 yaşlı azyaşlı və anası dövlət tərəfindən polis mühafizəsinə götürülüb.

Qeyd edək ki, Bəlucistanda 2025-ci ilin noyabr ayında qəbul edilən yeni qanuna əsasən uşaq nikahları qəti qadağandır və nikah üçün minimum yaş həddi 18-dir. Bu növ nikahı təşkil edən və ya daxil olan yetkin şəxsləri 2 ildən 3 ilədək ağır həbs cəzası və böyük məbləğdə pul cəriməsi gözləyir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir