Nepalda yüzlərlə insanın ölümü ilə nəticələnən güclü daşqınlardan sonra bir sıra ölkələrin təklif etdiyi axtarış-xilasetmə yardımı qəbul edilməyib.
Nepal hökuməti xarici xilasedici qrupların ölkəyə göndərilməsi ilə bağlı təkliflərə ehtiyac olmadığını bildirib. Ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, hazırda axtarış-xilasetmə əməliyyatlarını Nepalın təhlükəsizlik qüvvələri həyata keçirir və mövcud imkanlar bu işlərin davam etdirilməsi üçün kifayətdir.
Nazirlik xarici ölkələrin yardım təkliflərini yüksək qiymətləndirdiyini qeyd etsə də, indiki mərhələdə əlavə beynəlxalq xilasedici qrupların cəlb edilməsinə ehtiyac olmadığını açıqlayıb.
Məlumata görə, hökumət bu qərarı Nepal ordusu və polisinin tövsiyələrini nəzərə alaraq qəbul edib. Rəsmilər 2015-ci ildə ölkədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşanan təcrübəni də diqqətdə saxlayıblar.
Həmin dövrdə Nepalın müxtəlif ölkələrdən gələn xilasedicilərlə bağlı böyük axınla üzləşdiyi, bunun isə koordinasiya və idarəetmə baxımından müəyyən çətinliklər yaratdığı bildirilib.
Bununla yanaşı, Nepal Xarici İşlər Nazirliyi daşqınlar zamanı zərər çəkən və ya itkin düşən əcnəbilərin axtarışı ilə bağlı ayrıca təcili reaksiya qrupu yaradıb. Qrup fəlakət bölgəsində olan xarici vətəndaşlar barədə məlumatları toplayır, aidiyyəti qurumlarla əlaqələndirmə aparır və təsdiqlənmiş məlumatların həmin şəxslərin ailələrinə və diplomatik nümayəndəliklərə çatdırılmasını təmin edir.
Qeyd edək ki, avqustun 26-da səhər saatlarında Nepalın şimal ərazilərinə güclü sel suları daxil olub. İlkin məlumatlara əsasən, təbii fəlakətin Nepal-Çin sərhədində baş verən qar və daş uçqunları ilə əlaqəli olduğu ehtimal edilir.
Daşqınlar nəticəsində ölənlərin sayının azı 469 nəfərə çatdığı bildirilir.
