31 avqust – 2 sentyabr tarixlərində Mingəçevir şəhərində avarçəkmə üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
Yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.
Üç gün davam edəcək ölkə çempionatında Bakı və Mingəçeviri təmsil edən 100-dən çox idmançı iştirak edəcək.
İdmançılar akademik avarçəkmə və kayak üzrə bir və iki nəfərlik, kanoe üzrə isə bir nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Çempionat çərçivəsində ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.
