Mingəçevir şəhərində tanışına qarşı külli miqdarda dələduzluq edən 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevirdəki Kəlbəcər məktəbində fizika müəllimi işləyən Sevinc Mahmudova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Mahmudovaya 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Qərar elan olunduqdan sonra o, məhkəmə zalındaca həbs edilib.
Araşdırma zamanı məlum olub ki, Sevinc Mahmudova müəllimlik fəaliyyəti ilə yanaşı, repetitorluq da edib. O, hazırlıq keçdiyi şagirdlərdən birinin anasının külli miqdarda pulunun olduğunu öyrənib.
Bundan sonra qadın həmin valideynin etimadını qazanmaq məqsədilə guya qızıl biznesi ilə məşğul olduğunu deyib. Bu yolla valideyndən 65 min manat pul alaraq mənimsəyib.
Məhkəmə zərərçəkmiş şəxsin müəllimə qarşı qaldırdığı mülki iddianı da təmin edib. Hökmə əsasən, Sevinc Mahmudovadan 48 min manat tutularaq zərərçəkmişə ödənilməlidir.
