Vəzifəli şəxslərin hədiyyə qəbul etməsi və sadə qonaqpərvərlikdən istifadə etməsi ilə bağlı məhdudiyyətlər müəyyənləşdirilir. Yeni tələblər hədiyyələrin qeydiyyata alınmasını və maraqlar toqquşmasının qarşısının alınmasını nəzərdə tutur.
Xəbəraxını xəbər verir ki, bu məsələlər “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxslərin hədiyyə qəbul etməsi və sadə qonaqpərvərlikdən istifadə etməsi ilə bağlı məhdudiyyətlər “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun müəyyən ediləcək.
Hədiyyə və ya sadə qonaqpərvərlik qəbul edildikdən sonra vəzifəli şəxs üç iş günü ərzində səlahiyyətli subyektlərə bu barədə məlumat verməlidir. Məlumatda hədiyyənin adı, növü, xüsusiyyətləri, dəyəri, verilmə məqsədi, tarixi, vaxtı, yeri və onu təqdim edən şəxs və ya qurum barədə məlumatlar göstərilməli, həmçinin bunları təsdiqləyən sübutlar təqdim olunmalıdır.
Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulması əlamətləri aşkar edilərsə, səlahiyyətli subyektlər hədiyyənin qiymətləndirilməsi üçün onun təqdim olunmasını tələb edə bilərlər. Bu halda vəzifəli şəxs hədiyyəni qiymətləndirməyə verməlidir.
Qanun layihəsində hədiyyələrin və sadə qonaqpərvərlik hallarının qeydiyyatının aparılması da nəzərdə tutulur. Qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilərsə, müvafiq tədbirlər görüləcək.
Hədiyyənin və ya sadə qonaqpərvərliyin qəbul edilməsi maraqlar toqquşmasına səbəb olarsa, onun geri qaytarılması barədə qərar veriləcək. Hədiyyənin qaytarılması mümkün olmadıqda isə onun aidiyyəti qurumun balansına keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, vəzifəli şəxs hədiyyəni qəbul edib-etməməkdə tərəddüd etdikdə və ya bunun maraqlar toqquşmasına yol aça biləcəyini düşündükdə, qanun layihəsinin 22-ci maddəsinə uyğun olaraq konfidensial məsləhət ala biləcək.
