Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qaldığı bildirilir.
“Xəbəraxını” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində baş verib.
2023-cü il təvəllüdlü Ə.E. müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Azyaşlıya ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, uşağın valideynləri onun digər uşaqlarla oynayarkən xəsarət aldığını bildiriblər. Lakin 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü də qeyd olunur.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Hadisə ilə bağlı müvafiq ekspertiza təyin edilib və araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi qiymət veriləcək.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü il təvəllüdlü oğlan uşağı bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Azyaşlıya sağ gözaltı nahiyəsində, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları qoyulub.
Uşağa zəruri tibbi xidmətlər göstərilib və müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil qiymətləndirilir.
