Bank olmayan kredit təşkilatlarından (BOKT) borc götürən vətəndaşlar üçün yeni qaydalar tətbiq ediləcək. Dəyişikliklər kredit üzrə ödəniləcək ümumi məbləğə məhdudiyyət qoyur, həmçinin borcun restrukturizasiyası ilə bağlı şərtləri müəyyənləşdirir.
Xəbəraxını Oxu.az-a istinadən xəbər verir ki, yeni qaydalar sabahdan qüvvəyə minəcək.
Tələblərə əsasən, kredit üzrə ödənilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 faizindən çox ola bilməz. Başqa sözlə, 1 000 manat əsas borc götürən şəxs həmin kredit üzrə ümumilikdə 2 000 manatdan artıq ödəniş etməməlidir.
Yeni məhdudiyyət restrukturizasiya edilmiş kreditlərə də şamil olunacaq. Restrukturizasiya borcalanın maliyyə çətinliyi yarandıqda kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya mövcud borcun ödənilməsi üçün eyni BOKT-də yeni borc öhdəliyinin rəsmiləşdirilməsi deməkdir.
Qaydalara görə, kreditin əsas məbləği üzrə qalıq borcun 20 faizinin ödənilməsi şərti ilə restrukturizasiya yalnız bir dəfə həyata keçirilə bilər. Bu prosesin müddəti maksimum 45 gün müəyyən edilib. Restrukturizasiya zamanı gecikmə faizləri və dəbbə pulu tətbiq olunmur.
Borcalanın maliyyə çətinliyi yaşaması onun mövcud müqavilə şərtləri ilə ödənişlərini yerinə yetirmək üçün kifayət qədər pul axınının olmaması ilə müəyyən edilə bilər. Kredit bürolarının məlumatları əsasında ümumi öhdəliklərin ən azı 20 faizinin 90 gündən çox gecikdirilməsi və ya belə vəziyyətin yaranması ehtimalı da bu hallara daxildir.
Qeyd edək ki, 90 gündən çox gecikmə ilə bağlı müddəanın tətbiqində gündəlik kreditlər istisna tutulur. Yeni və ya əlavə güzəşt müddətinin verilməsi ilə bağlı qaydada da gündəlik kreditlər üçün istisna nəzərdə tutulub.
