Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında güclü partlayış səsləri eşidilib.
Şəhərdə hava hücumu xəbərdarlığı elan olunub və sakinlərə təhlükəsizlik məqsədilə sığınacaqlara keçmək çağırışı edilib. İlkin məlumatlara əsasən, paytaxta raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.
Hücum nəticəsində Kiyevin bir neçə rayonunda yaşayış binalarına, təhsil müəssisələrinə, avtomobillərə və digər obyektlərə ziyan dəyib. Hadisə yerlərində təcili yardım, xilasedicilər və digər xidmətlərin əməkdaşları fəaliyyət göstərib.
Kiyev şəhərinin rəsmi məlumatına görə, hücum nəticəsində paytaxtda 16 nəfər xəsarət alıb. Yaralananlar arasında 10 və 12 yaşlı iki uşaq da var. Bir sıra zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hazırda aidiyyəti qurumlar hadisənin nəticələrini aradan qaldırır, dağıntı və zərərin miqyasını müəyyənləşdirirlər. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.
