Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında Bakı-Qroznı reysi üzrə uçuş həyata keçirən AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərlə bağlı bir daha başsağlığı verib.
Xəbəraxını xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.
Ramzan Kadırov bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin onu Bakıda qəbul etdiyi görüş zamanı səsləndirib.
“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir. Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”, – deyə Kadırov bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
