İstanbulda leysan faciəsi: İki nəfər öldü, şəhərdə həyat iflic oldu

İstanbulda leysan faciəsi: İki nəfər öldü, şəhərdə həyat iflic oldu

Türkiyənin İstanbul şəhərində güclü leysan və fırtına ciddi fəsadlara səbəb olub. Şəhərin bir sıra ərazilərində su basqınları qeydə alınıb, iki nəfər həyatını itirib, gündəlik həyat iflic vəziyyətinə düşüb.

Xəbəraxını xəbər verir ki, bu barədə “Haber Global”a istinadən məlumat yayılıb.

Məlumata görə, 14 yaşlı yeniyetmə su basmış ərazidən keçmək istəyərkən onu elektrik cərəyanı vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Digər ölüm hadisəsi isə 34 yaşlı İstanbul sakini ilə bağlıdır. Belə ki, evinin qarşısında sel sularını keçərək yolun digər tərəfinə adlamaq istəyən şəxs sürüşərək yıxılıb və başını səkiyə çırpıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.

İstanbul Valiliyi leysan yağışlarının yaratdığı fəsadlarla bağlı statistikanı açıqlayıb. Bildirilib ki, hadisələrin nəticələrinin aradan qaldırılması üçün şəhər üzrə 8 min nəfərlik şəxsi heyət, 2 min avtomobil və xüsusi texnika cəlb olunub.

Məlumata əsasən, ümumilikdə 2 518 müraciət daxil olub. Onlardan 1 277-si su basması, 15-i torpaq sürüşməsi, 47-si köməksiz vəziyyətdə qalma, 13-ü ağac aşması, 2-si isə dam örtüyünün uçması ilə bağlı olub.

Güclü yağışların yaratdığı təhlükə səbəbindən İstanbulda tədris prosesi də bir günlük dayandırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir