İspaniyada anomal isti hava şəraiti nəticəsində ilin əvvəlindən indiyədək 5232 nəfər həyatını itirib.
“El Periódico”ya istinadən xəbər veririk ki, bu barədə MoMo ölüm monitorinq sisteminin məlumatında qeyd olunub.
Bildirilir ki, yalnız avqust ayında yüksək temperaturla əlaqəli 2147 ölüm halı qeydə alınıb. Bununla da cari ilin göstəricisi əvvəlki illərin maksimum səviyyəsini geridə qoyub.
Belə ki, 2022-ci ildə İspaniyada anomal istilərlə əlaqəli 4789, 2023-cü ildə isə 3035 ölüm qeydə alınmışdı.
Məlumata görə, bu il isti hava səbəbindən həyatını itirənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Ölənlərin təxminən 60 faizini qadınlar təşkil edir.
