İşğaldan azad edilmiş ərazilərdə torpaqların yarısı investorlara veriləcək – NAZİRDƏN AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə torpaqların yarısı investorlara veriləcək – NAZİRDƏN AÇIQLAMA

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının 50 faizinin investisiya layihələri, digər 50 faizinin isə kənd sakinləri üçün ayrılması nəzərdə tutulur.

Xəbəraxını xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, əsas məqsəd fermerlərin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olaraq davamlı gəlir əldə etmələrinə şərait yaratmaqdır.

Məcnun Məmmədov qeyd edib ki, hazırda ölkə üzrə bir təsərrüfata düşən orta torpaq sahəsi 1,7 hektardır. Bu qədər ərazidən əldə olunan gəlir bir çox hallarda fermerlərin yaşayış minimumunu belə qarşılamır.

Bu səbəbdən azad edilmiş ərazilərdə torpaq sahəsinin minimum ölçüsü 5 hektar müəyyənləşdirilib. Ərazinin relyefi, yaşayış evlərinin sayı və torpaq ehtiyatları hər ailəyə bu qədər torpaq ayrılmasına imkan vermədikdə isə sakinlərə birləşərək ailə-kəndli təsərrüfatları və ya kooperativlər yaratmaq təklif olunur.

Nazir nümunə olaraq Xocalının Xanyurdu kəndində, xüsusilə qadın fermerlərin birgə yaratdığı kooperativin fəaliyyətini göstərib.

Bildirilib ki, kənd sakinlərinə yaşadıqları ərazinin 1-2 kilometr radiusunda yerləşən torpaqlar zəruri infrastruktur yaradıldıqdan sonra parsel-parsel ayrılaraq təqdim edilir. Bu istiqamətdə minimum tələb 5 hektardır.

Torpaqların digər 50 faizi isə kəndlərdən daha uzaqda yerləşən ərazilər hesabına investisiya məqsədilə ayrılır və müsabiqə yolu ilə icarəyə verilir. Bu halda minimum torpaq sahəsi 20 hektar müəyyən edilib.

Məcnun Məmmədovun sözlərinə görə, indiyədək dörd müsabiqə başa çatıb. Daxil olan 500-dən çox müraciətin təxminən 48-50 faizində qaliblər müəyyənləşdirilib.

İnvestorlar tərəfindən heyvandarlıq, balıqçılıq, bağçılıq və əkinçilik sahələri üzrə layihələr təqdim olunub. Nazir bu yanaşmanın gələcəkdə daha da genişləndiriləcəyini gözlədiklərini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir