İranda koronavirus yenidən artır: Azərbaycana yayılma təhlükəsi varmı?

İranda koronavirus yenidən artır: Azərbaycana yayılma təhlükəsi varmı?

İranda COVID-19-a yoluxma hallarının artması və ölüm faktlarının qeydə alınması narahatlıq yaradıb. Məlumatlara görə, yayılan virusun yeni alt variantının daha sürətlə ötürüldüyü bildirilir. Bəs infeksiyanın Azərbaycanda yayılma ehtimalı nə qədərdir?

Xəbəraxını xəbər verir ki, tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla COVID-19 pandemiyasının başa çatmasına baxmayaraq, virusun hələ də dövriyyədə olduğunu bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri ilə yanaşı, Azərbaycan, İran və dünyanın digər bölgələrində də vaxtaşırı infeksiya ocaqları qeydə alınır.

Ekspert pandemiya dövründə vaksinasiya ilə bağlı yanlış təbliğatın və insanların bir qisminin peyvənddən imtina etməsinin infeksiyanın yayılmasına təsir göstərdiyini qeyd edib. O, hazırda da antivaksin təbliğatının davam etdiyini vurğulayıb.

Adil Qeybulla bildirib ki, vaksinasiyanın infeksiyanın yayılma zəncirinin qırılmasında mühüm rolu olub.

Koronavirus hər il yayıla bilərmi?

Ekspertin sözlərinə görə, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun “Omikron” ştammına aid müxtəlif variantları yayılmaqda davam edir. Virusun gələcəkdə necə dəyişəcəyini və yayılmasının hansı istiqamətdə davam edəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil.

Qeybulla infeksiyanın gələcəkdə qrip kimi mövsümi xarakter alaraq hər il yayılmasının mümkünlüyünü də istisna etməyib.

O xatırladıb ki, koronaviruslar insanlarda onilliklərdir mövcuddur. SARS-CoV-1 və MERS epidemiyalarından sonra SARS-CoV-2 virusu COVID-19 pandemiyasına səbəb olub.

Azərbaycanda yoluxma riski varmı?

Adil Qeybulla hava-damcı yolu ilə yayılan infeksiyaların müxtəlif ölkələrə keçmə ehtimalının həmişə mövcud olduğunu bildirib. Onun sözlərinə görə, COVID-19 dünyanın heç bir yerində tamamilə yoxa çıxmayıb.

Bununla belə, İranda yoluxmaların artması öz-özlüyündə Azərbaycanda kəskin artımın baş verəcəyini göstərmir. Ölkəmizdəki real riskin qiymətləndirilməsi üçün yerli yoluxma statistikası, yayılan virus variantları və səhiyyə qurumlarının epidemioloji məlumatları nəzərə alınmalıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir