FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Xəbəraxını xəbər verir ki, İnfantino Bakıdakı açılış mərasimini tarixi hadisə və möhtəşəm tədbir kimi qiymətləndirib. O, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edərək Azərbaycan rəhbərliyinə, hökumət nümayəndələrinə və turnirin təşkilində iştirak edən şəxslərə minnətdarlığını bildirib.
FIFA rəhbəri Prezident İlham Əliyevlə yanaşı, Baş nazirin müavini Samir Şərifova, hökumətə, AFFA prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi kollektivə, FIFA əməkdaşlarına və çempionatın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.
İnfantino qeyd edib ki, yarış müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək imkanı yaradır. Onun sözlərinə görə, FIFA-nın 189 üzv ölkəsindən olan gənclər altı konfederasiyanı təmsil edərək ilk dünya çempionatlarında unudulmaz təcrübə qazanırlar.
Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib. Tədbiri Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və Canni İnfantino izləyiblər.
Açılış mərasimindən sonra Azərbaycan və Timor-Leste yığmaları üz-üzə gəlib. Qarşılaşma millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
