Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.
Məlumata görə, “Pasha Hospitality” şirkətinin baş icraçı direktoru Mehmet Balçik dövlət başçısına və birinci xanıma Şamaxının Meysəri kəndində inşa edilən “Meysari Grand Hotel & SPA” kompleksi barədə məlumat verib. Bildirilib ki, kompleks çoxfunksiyalı turizm və istirahət məkanı kimi fəaliyyət göstərəcək.
Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən kompleks hotel və kotteclər, restoranlar, konfrans mərkəzi, SPA və sağlamlıq mərkəzi, idman və istirahət zonaları, uşaq əyləncə mərkəzi, avtomobil dayanacağı və helikopter meydançasını əhatə edir.
Kompleksin əsas hotel binasında müxtəlif kateqoriyalı 88 otaq, kottec hissəsində isə 116 otaq olmaqla, ümumilikdə 204 otaq var. Ərazidə, həmçinin 3 villa yerləşir.
Kompleksdə fəaliyyət göstərən sağlamlıq mərkəzində qonaqların istirahəti və sağlamlıqlarının bərpası üçün geniş imkanlar yaradılıb.
Burada 3 hovuz, idman və pilates zalları, tennis kortu, futbol meydançası, padel kortu və uşaq əyləncə mərkəzi də qurulub. Helikopter meydançası isə zərurət yarandıqda qonaqların hava nəqliyyatından istifadə etmələri üçün nəzərdə tutulub. Kompleksdə restoranlar da fəaliyyət göstərəcək.
Ərazidə Nəsimi Konfrans Mərkəzi də yerləşir. 420 nəfərlik mərkəzdə konfransların, toplantıların, təqdimatların, işgüzar görüşlərin və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, daha kiçikmiqyaslı tədbir və görüşlərin təşkili üçün ayrıca zal yaradılıb.
Kompleksin ərazisində qapalı və açıq avtomobil dayanacağı zonaları da salınıb.
Yeni kompleksin fəaliyyətə başlaması ilə ümumilikdə 320 yeni iş yerinin yaradıldığı bildirilib.
Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri rayonu həm yay, həm də qış aylarında istirahət və səyahət üçün əlverişli edir.
Şamaxıda yeni hotel kompleksinin istifadəyə verilməsi turizm infrastrukturunun inkişafına töhfə verməklə yanaşı, yerli və xarici turistlərin rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadə və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq.
