Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib.
Dövlət başçısı sentyabrın 17-də TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı və Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. (President of Azerbaijan)
Görüş zamanı İlham Əliyev TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Bakıda keçirilən beşinci toplantısının əhəmiyyətindən danışıb.
Prezident bildirib ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər dövlətlərin təkbaşına həll edə bilməyəcəyi problemlər sırasındadır.
İlham Əliyev qeyd edib ki, təhlükəsizlik üzrə rəhbər şəxslərin mütəmadi görüşləri ortaq qlobal və regional təhdidlərin müəyyənləşdirilməsi, eləcə də onların qarşısının alınması istiqamətində əməkdaşlığın gücləndirilməsinə xidmət edir. (President of Azerbaijan)
Dövlət başçısı Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik sahəsində dialoqun yeni səviyyəyə yüksəldilməsinin və ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasının vacibliyini vurğulayıb.
