Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüş keçirib.
Xəbəraxını xəbər verir ki, görüşdə İlham Əliyev Azərbaycan və Özbəkistan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, bu ilin avqustunda Özbəkistana etdiyi dövlət səfərini məmnunluqla xatırladıb. Tərəflər həmin səfər zamanı əldə olunan razılaşmaların icrası fonunda strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev ölkəmizin inkişafı və tərəqqisinin özbək xalqını sevindirdiyini qeyd edib. O, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) uğurlu sədrliyi və təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə İlham Əliyevi təbrik edib. Özbəkistan Prezidenti bu tədbirləri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Söhbət zamanı iki ölkə arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, ilin əvvəlindən ticarət dövriyyəsində artım olduğu bildirilib.
Energetika, qarşılıqlı investisiyalar, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya və turizm sahələrində layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Həmçinin mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd olunub.
Görüşdə dövlət başçıları beynəlxalq və regional gündəlikdə yer alan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
