Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib. Dövlət başçısı mükafatı oktyabrın 23-də rəssama şəxsən təqdim edib.
Xəbəraxını xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Prezident Fərhad Xəlilovu qarşıdan gələn yubileyi münasibətilə təbrik edərək onun Azərbaycan incəsənətinin inkişafına, ölkəmizin dünyada tanıdılmasına və gənc rəssamların yetişdirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
İlham Əliyev bildirib ki, Fərhad Xəlilov uzun illər ərzində sənəti ilə cəmiyyətdə böyük rəğbət qazanıb, əsərləri dünyanın müxtəlif yerlərində nümayiş olunub. Dövlət başçısı rəssamın təxminən 40 ilə yaxındır Azərbaycan Rəssamlar İttifaqının sədri kimi fəaliyyət göstərdiyini də vurğulayıb.
Mükafata görə təşəkkürünü bildirən Fərhad Xəlilov ölkəsinə daim sədaqətlə xidmət etməyə çalışdığını deyib. O, çıxışı zamanı Azərbaycan Prezidenti ilə görüşlər üçün darıxdığını da səmimi şəkildə ifadə edib.
Rəssam 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycanın dünyada tanınmasına böyük təsir göstərdiyini vurğulayıb, İlham Əliyevə və ailəsinə xoş arzularını çatdırıb.
Qeyd edək ki, Fərhad Xəlilov daha əvvəl “Şöhrət”, “Şərəf” və birinci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub. “İstiqlal” ordeni isə onun dövlət tərəfindən yüksək qiymətləndirilən xidmətlərinə görə təqdim edilib.
