İşğaldan azad olunan Füzuli şəhərinə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək 1 100-dən çox sakin məşğulluq proqramlarına cəlb olunub.
Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi tədbirlər nəticəsində sakinlərdən 1 030-dan çoxunun rayon ərazisində məşğulluğu təmin edilib.
Onlardan 60 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlar yaradılması ilə dəstəklənib. Daha 70 sakin isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına yönləndirilib.
Hazırda Füzuliyə köçürülən digər sakinlərin də məşğulluq imkanları qiymətləndirilir. Onların hansı məşğulluq proqramlarına cəlb ediləcəyi müəyyənləşdirilir.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin işlə təmin olunması, peşə bacarıqlarının artırılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
