Xəbəraxını xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Məlumata görə, yaxın günlərdə, o cümlədən Bakı və Abşeron yarımadasında intensiv yağış, bəzi ərazilərdə lokal subasma, dağ çaylarında qısamüddətli sel və daşqın, şimşək və güclü külək gözlənilir.
FHN əhaliyə təhlükəli ərazilərdən uzaq durmağı, sel və subasma riski yarandıqda yüksək ərazilərə qalxmağı və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib.
Şimşək zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmamaq, elektrik xətləri, ildırımötürücülər, antenalar və hündür ağaclardan uzaq durmaq məsləhət görülür. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək tövsiyə olunur.
Güclü külək zamanı müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq dayanmaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək lazımdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmamaq xəbərdarlığı edilib.
FHN təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edir.
