Ermənistan və İran Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl” gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər.
Məlumata görə, bu qərar İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgərinin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanla Culfa şəhərində keçirdiyi görüşün yekunları üzrə qəbul edilib.
Sentyabrın 12-də baş tutan görüşdə tərəflər ticarətin inkişafı və asanlaşdırılması üçün gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də iki ölkə arasındakı sərhəddən malların daşınmasının sürətləndirilməsi ilə bağlı bir sıra tədbirlər barədə razılığa gəliblər.
Xüsusilə İran-Ermənistan sərhədində sadələşdirilmiş gömrük “yaşıl” dəhlizinin tətbiqi ilə bağlı razılaşma əldə olunub. Bunun yük maşınlarının sərhəddə gözləmə müddətinin azaldılmasına imkan verəcəyi gözlənilir.
Digər razılaşmaya əsasən, yükün gəlişindən əvvəl məlumat mübadiləsi (Pre-Arrival) elektron şəkildə gücləndiriləcək. Bu, yük maşınlarının ölkəyə girişinin rəsmiləşdirilməsi zamanı inzibati prosedurların həcmini azaltmağa imkan verəcək.
Ermənistan və İran, həmçinin sənədlərin yoxlanılması prosesinin sadələşdirilməsi və kağız sənədlərin elektron sənədlərlə əvəzlənməsi barədə razılığa gəliblər.
Tərəflər səlahiyyətli iqtisadi operatorların (SİO) statusunun qarşılıqlı tanınmasına dair sənədi də müzakirə edərək təsdiqləyiblər. Bu status gömrük xidmətlərinin müəyyən etdiyi tələblərə cavab verən ayrı-ayrı şirkətlərə verilir.
