Elçin Yusubov vəzifəsindən azad edildi – onu Teymur Quliyev əvəzlədi

Elçin Yusubov vəzifəsindən azad edildi – onu Teymur Quliyev əvəzlədi

Prezident İlham Əliyev Elçin Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb. Həmin vəzifəyə Teymur Quliyev təyin olunub.

Xəbəraxını xəbər verir ki, Teymur Quliyev bundan sonra Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Elçin Mustafa oğlu Yusubov 1975-ci il avqustun 8-də anadan olub. O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu idarəetmənin təşkili ixtisası, 1998-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçısı ixtisası üzrə bitirib.

Yusubov əmək fəaliyyətinə özəl sektorda başlayıb, daha sonra müxtəlif dövlət qurumlarında çalışıb. O, Ticarət Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Dövlət Əmlak Komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələr tutub.

Sonrakı illərdə Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, birinci müavini və baş direktor, eləcə də Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində işləyib.

Prezidentin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Həmin ilin mayın 13-də isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi müavini vəzifəsinə təyin edilib.

İlham Əliyevin 7 mart 2024-cü il tarixli Sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi təyin olunmuşdu.

Elçin Yusubov ailəlidir və üç övladı var.

Yeni təyin olunan Teymur Quliyev barədə məlumatlar və onun əvvəlki fəaliyyəti ilə bağlı əlavə detallar açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir