“Dəyirman Vahid”ə 19 il həbs cəzası: 25 il əvvəlki qətllərin sirri açıldı

“Dəyirman Vahid”ə 19 il həbs cəzası: 25 il əvvəlki qətllərin sirri açıldı

Azərbaycanda uzun illər əvvəl baş vermiş bir neçə ağır cinayətlə bağlı məhkəmə prosesi yekunlaşıb. “Dəyirman Vahid” ləqəbi ilə tanınan iş adamı Vahid Həşimov və onun sürücüsü olmuş Qulu Muxtarov barəsində hökm elan edilib.

Xəbəraxını xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, məhkəmənin qərarı ilə Vahid Həşimov 19 il, Qulu Muxtarov isə 9 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, Vahid Həşimov 1998-ci ildə keçmiş şəriki Qərib İbadovun və Ramiz Nadirovun öldürülməsini sifariş etməkdə ittiham olunub. İddialara görə, bu məqsədlə öz sürücü-mühafizəçisi Qulu Muxtarovla razılığa gəlib, cinayətlərin icrası isə Dadaş Hüseynova tapşırılıb.

1998-ci ildə Qərib İbadov odlu silahla yaralansa da, sağ qalıb. Həmin ilin iyununda isə Ramiz Nadirov güllələnərək öldürülüb.

Cinayət işi bununla yekunlaşmayıb. İstintaq materiallarında bildirilir ki, qətllərin icraçısı olduğu deyilən Dadaş Hüseynov sonradan əlavə pul tələb edərək Vahid Həşimovu hədələyib. O, 2001-ci ildə boğularaq öldürülüb, meyiti isə Bakı-Qazax yolunun kənarına atılıb.

Qeyd edək ki, Vahid Həşimov 1 saylı Taxıl Məhsulları Kombinatının keçmiş direktoru olub. Onun adı uzun illər əvvəl törədilmiş cinayətlərlə bağlı istintaqda hallanıb. Məhkəmə hökmü ilə bağlı digər hüquqi detallar barədə əlavə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir