Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüşlər keçirib.
Səfər çərçivəsində əvvəlcə Yinq Yonq ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında təkbətək görüş olub.
Daha sonra Azərbaycan və Çin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı yardım məsələləri müzakirə olunub.
Görüşlərin ardından Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə Kamran Əliyev və Yinq Yonq imza atıblar.
Tədbir zamanı Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycan və Çin arasında dostluq münasibətlərinin inkişafına, təcrübə mübadiləsinin və qarşılıqlı yardımın təşviqinə verdiyi töhfələrə görə Azərbaycan Prokurorluğunun 100 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə təltif olunub.
Yubiley medalını Yinq Yonqa Azərbaycanın Baş prokuroru Kamran Əliyev təqdim edib.
