Ceyhun Bayramovdan Ermənistanla sülh mesajı – Ankara Bəyannaməsi qəbul edildi

Ceyhun Bayramovdan Ermənistanla sülh mesajı – Ankara Bəyannaməsi qəbul edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxış edib. Sammitin sonunda Ankara Bəyannaməsi qəbul olunub.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov çıxışında zirvə görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkür edib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə təbrik edib.

Regional sülh və təhlükəsizlik əsas prioritet olub

Nazir bildirib ki, Azərbaycanın TDT-yə ötən birillik sədrliyi dövründə əsas prioritet regional sülh və təhlükəsizlik olub. O, beynəlxalq münaqişələrin artdığı, təhlükəsizlik təhdidlərinin genişləndiyi və beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir vaxtda bu istiqamətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu qeyd olunub. Ötən il Azərbaycan tərəfindən irəli sürülən prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin paraflandığı xatırladılıb. Sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı bildirilib. Hazırda həmin ərazilərdə təxminən 100 min nəfərin yaşadığı, işlədiyi və təhsil aldığı vurğulanıb.

Orta Dəhliz və Zəngəzur dəhlizi gündəmdə

Ceyhun Bayramov Azərbaycanın sədrliyi müddətində TDT çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və müdafiə sənayesi qurumlarının rəhbərlərinin görüşlərinin keçirildiyini bildirib. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyini diqqətə çatdırıb.

Nazir iqtisadi əlaqələrin genişləndirilməsinin də təşkilatın əsas prioritetlərindən olduğunu qeyd edib. Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələr ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirdiyi, eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi bildirilib.

Sədrliyi dövründə Bakıda Mərkəzi Banklar Şurasının və maliyyə monitorinqi xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, bu sahədə əməkdaşlıq platformasının yaradıldığı da qeyd olunub.

Türk dünyasının ortaq irsi və TDT-nin beynəlxalq mövqeyi

Çıxışda ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə də toxunulub. Cari ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi xatırladılıb.

Ceyhun Bayramov TDT+ formatının təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindəki rolunu vurğulayıb. TDT-nin BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Çıxışının sonunda nazir Azərbaycanın sədrliyi dövründə dəstək göstərən üzv dövlətlərə təşəkkür edib və Türkiyəyə təşkilata sədrliyi müddətində uğurlar arzulayıb.

O, təşkilatın inkişafına verdiyi töhfələrə görə vəzifəsini başa vuran baş katib Kubanıçbek Omuraliyevə minnətdarlığını bildirib, yeni baş katib Mirvoxid Azimovu təyinatı münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

Qeyd edək ki, sammitin yekununda Ankara Bəyannaməsi qəbul olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir