Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində rayon sakini xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, 2000-ci il təvəllüdlü Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Orxan Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəsmi qurumlar vətəndaşlara bir daha mina təhlükəsi olan ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, xəbərdarlıq nişanlarına diqqət yetirməyi, tanımadıqları ərazilərə daxil olmamağı və şübhəli əşyalara toxunmamağı tövsiyə edib.
