Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən xəstəlikləri səbəbindən dövlət orqanlarında qulluğa uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.
Xəbəraxını xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna əsasən, şəxs aşağıdakı hallarda dövlət qulluğuna qəbul edilə bilməz:
– fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinin olması məhkəmənin qərarı ilə təsdiqlənərsə;
– məhkumluğu ödənilməyib və ya götürülməyibsə;
– bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
– qanunvericiliklə müəyyən edilmiş digər hallarda.
Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən isə dövlət qulluğu vəzifəsini aşağıdakı şəxslər tuta bilməyəcəklər:
– digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
– fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
– siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluğa uyğun olmayan şəxslər;
– qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 ay ərzində);
– din xadimləri.
Qeyd edək ki, “Dövlət qulluğu haqqında” qanunda olduğu kimi, Dövlət Qulluğu Məcəlləsinin layihəsində də dövlət qulluğunda 65 yaşla bağlı məhdudiyyət saxlanılır.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və layihə birinci oxunuşda qəbul edilib.
