Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının bu gün keçirilməsi gözlənilir.
Məhkəmə iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baş tutacağı bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabrında cinayət işi başlanıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov və Əli Əmirhüseyn oğlu Kərimli xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.
Həmin cinayət işi çərçivəsində 2025-ci ilin noyabrında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.
İttihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xaricdə yaradılan və “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı ilə qeydiyyatdan keçirilən, həmçinin “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov və Rüstəm İbrahimbəyov, eləcə də Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və digər şəxslərin dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı sövdələşdikləri iddia olunur.
İttihamda qeyd edilib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlıqlı yazılı material hazırlayıb. Xarici dildə hazırlandığı bildirilən həmin materialın köməkçisi Eldar Əmirov və digər şəxslər vasitəsilə razılaşdırılması məqsədilə Əli Kərimliyə təqdim edildiyi qeyd olunub.
Daha sonra, 2025-ci il oktyabrın 3-də sənədin yekun redaktə olunmuş variantının “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərildiyi və bu göndərişin texniki olaraq qeydə alındığı bildirilib.
İttihama görə, Ramiz Mehdiyev qeyd olunan şəxslərlə əlbir olaraq dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlərdə iştirak edib. Həmçinin onun xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək göstərməklə dövlətə xəyanət etdiyi iddia olunur.
Bundan başqa, ittihamda Ramiz Mehdiyevin 2025-ci il oktyabrın 13-dək olan müddətdə cinayət yolu ilə əldə edildiyi bildirilən 17 milyon manatdan artıq vəsaiti leqallaşdırdığı qeyd edilib.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) maddələri ilə ittiham olunur. O, məhkəmənin yekun hökmü çıxarılana qədər təqsirsiz hesab olunur.
