Bu gün – avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.
Beynəlxalq Azərbaycan Muğamı Gününün təsis edilməsi 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul edilən qərarla bağlıdır. Bu tarix Azərbaycanın milli musiqi irsi olan muğamın dünya miqyasında tanınmasının və bəşəri musiqi xəzinəsində özünəməxsus yer tutmasının göstəricilərindən biri hesab olunur.
Azərbaycan muğamı əsrlər boyu xalqımızın tarixini, duyğularını və dünyagörüşünü yaşadan zəngin sənət nümunəsi kimi formalaşıb. Muğam yalnız musiqi janrı deyil, həm də Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsidir.
Muğamın qorunması və dünyada təbliği istiqamətində həyata keçirilən layihələr bu sənətin inkişafına mühüm töhfələr verib. Ölkəmizdə beynəlxalq muğam festivallarının və müsabiqələrin keçirilməsi, konsert və simpoziumların təşkili, muğam irsinin nəşrlər və müasir multimedia layihələri vasitəsilə gələcək nəsillərə çatdırılması bu istiqamətdə görülən işlər sırasındadır. Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin reprezentativ siyahısına daxil edilib. Bu, muğamın təkcə Azərbaycan xalqının deyil, dünya mədəni irsinin də mühüm nümunələrindən biri kimi qəbul edildiyini təsdiqləyir.
Muğam xalqımızın sevincini, kədərini, həsrətini və ümidlərini özündə yaşadan sənət növüdür. Əsrlərdən süzülüb gələn bu musiqi irsi bu gün də Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında mühüm rol oynayır.
