Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin ölkəyə ekstradisiya edilməsi ilə bağlı razılıq əldə olunub.
Baş Prokurorluğun məlumatına görə, ekstradisiya ilə bağlı qərar qurumun Ukrayna tərəfinə göndərdiyi müraciət, tələb olunan sənədlərin təqdim edilməsi və aparılan danışıqların nəticəsində qəbul edilib.
Ə.Tağıyev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə qaçaqmalçılıq, eləcə də aksiz markası ilə markalanmalı olan yükü belə markalanma olmadan satış məqsədilə saxlama ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
O, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Lakin istintaqdan yayındığı və gizləndiyi üçün barəsində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.
Azərbaycan və Ukraynanın aidiyyəti qurumlarının birgə keçirdiyi tədbirlər nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyənləşdirilib və saxlanılması təmin olunub.
Hazırda Ə.Tağıyevin Azərbaycana gətirilməsi üçün zəruri prosedurlar davam etdirilir.
Baş Prokurorluq bildirib ki, axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici ölkələrin müvafiq qurumları, o cümlədən İnterpol ilə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
