Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istədi: “Dövlət çevrilişi məqsədim olmayıb”

Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istədi: “Dövlət çevrilişi məqsədim olmayıb”

Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Jurnalist açıqlamalarının narazılığa səbəb olmasından təəssüfləndiyini bildirib.

Xəbəraxını xəbər verir ki,Celal Çiftçi üzrxahlığını “X” sosial şəbəkəsində paylaşdığı müraciətdə ifadə edib. O, istifadə etdiyi ifadələrin məqsədini aşdığını etiraf edərək fikirlərini daha diqqətli və aydın şəkildə çatdırmalı olduğunu vurğulayıb.

Jurnalist Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qaldırmaq, ölkədə iğtişaş yaratmaq və ya hakimiyyəti zorla ələ keçirməyə çağırmaq niyyətinin olmadığını bildirib. O, dini nifrət, düşmənçilik və ayrı-seçkilik yaratmaq məqsədi güdmədiyini də qeyd edib.

Çiftçi Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət etdiyini vurğulayıb. O, zorakılığa, dövlət çevrilişinə və güc tətbiqinə qarşı olduğunu, heç kəsi qanunsuz hərəkətlərə çağırmadığını bildirib.

Türkiyəli jurnalist həmçinin uyğun hesab etmədiyi paylaşımları sildiyini və bundan sonra sosial şəbəkələrdəki açıqlamalarında daha məsuliyyətli davranacağını qeyd edib. O, aidiyyəti qurumlardan müraciətinin bütövlükdə və konteksti nəzərə alınmaqla ədalətli qiymətləndirilməsini istəyib.

Çiftçi üzrxahlığının ona qarşı irəli sürülən ittihamları qəbul etməsi kimi başa düşülməməli olduğunu da vurğulayıb.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına əsasən, Celal Çiftçi barəsində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar, zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması, eləcə də dini ekstremist fəaliyyəti təşviq edən materialların yayılması ilə bağlı cinayət işi başlanıb. O, təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir