“Kristal Estetik” klinikasında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati tədbirlər görülüb.
Xəbəraxını.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, klinikada gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında Xətai rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.
Həmçinin A.Musayevanın ali tibb təhsilinin olmadığı və vətəndaşa tətbiq edilən prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı üzə çıxıb.
Faktla bağlı “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması) maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanıb.
İşlər baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarları ilə “Kristal Estetik” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə 20 min manat, 215.4-cü maddəsi üzrə isə 6 min manat məbləğində cərimələnib.
Cəmiyyətin direktoru R.Əliyevaya isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat inzibati cərimə tətbiq edilib.
