Bakıdan Türkmənistana yola düşməyə hazırlaşan gəmidə çalışan dənizçinin üzərindən narkotik maddə aşkarlanıb. İş üzrə məhkəmə qərarı verilib.
Xəbəraxını Lent.az-a istinadən xəbər verir ki, məlumata görə, Rusiya bayrağı altında üzən “Mirvari” gəmisində vəzifəli şəxs kimi çalışan 43 yaşlı Bayram İsmayılov (şərti ad) qaçaqmalçılıqda ittiham olunub.
Hadisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gömrük postunda baş verib. Gəminin Türkmənistana yola düşməsinə hazırlıq görülərkən xidməti itin reaksiyası əsasında yoxlama aparılıb. Nəticədə dənizçinin şalvarının cibində, siqaret qutusunun içərisində ümumi çəkisi 0,169 qram olan marixuana aşkarlanıb.
İsmayılov ifadəsində narkotik maddəni Ələt qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirib. O, maddənin bir hissəsini gəmidə istifadə etdiyini, qalanını isə sonradan özü üçün saxlamaq niyyətində olduğunu deyib. Təqsirləndirilən şəxs narkotiki satmaq və ya başqasına vermək məqsədinin olmadığını vurğulayıb və əməlindən peşman olduğunu bildirib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi açılıb.
Məhkəmənin hökmü ilə Bayram İsmayılov üç il sınaq müddəti müəyyən edilməklə üç il altı ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin şərti cəza müddətində probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməməsi barədə öhdəlik qoyulub.
