Bakıda həyat yoldaşına qarşı dəfələrlə zorakılıq göstərərək müxtəlif xəsarətlər yetirən kişi məhkəmə qarşısına çıxarılıb.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü maddələri ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, əvvəllər ailəli olan və boşanan İsa bir müddət əvvəl Nəzrin adlı qadınla tanış olub. Onlar təxminən iki il birgə ailə münasibətlərində yaşayıblar. Sonradan cütlüyün münasibətləri pisləşib.
İstintaq materiallarına əsasən, Nəzrinin ona pul verməməsi, iş yoldaşının ad gününə onun icazəsi olmadan getməsi və digər məsələlər tərəflər arasında mübahisələrə səbəb olub. İsa qadını döyüb və dişləyərək ona müxtəlif xəsarətlər yetirib.
Sonuncu mübahisə zamanı isə İsa Nəzrinə tava ilə çoxsaylı zərbələr endirib. Nəticədə qadının bədəninin müxtəlif nahiyələrində qançırlar, qansızmalar, sınıqlar və sıyrıqlar daxil olmaqla çoxsaylı xəsarətlər yaranıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
