Oktyabrın 15-16-da Bakıda inklüziv məşğulluq məsələlərinə həsr olunan beynəlxalq konfrans təşkil ediləcək. Tədbirdə autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onlar üçün bərabər iş imkanlarının yaradılması müzakirə olunacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə “Birgə və Sağlam” İctimai Birliyi məlumat yayıb.
Konfrans dünyanın müxtəlif ölkələrindən ekspertləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini bir araya gətirəcək.
Tədbirin əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət və özəl sektor arasında əməkdaşlığı genişləndirmək, işəgötürənlərin əlçatan və inklüziv iş mühiti yaratması ilə bağlı məlumatlılığını artırmaqdır. Bununla yanaşı, autizmli və digər əlilliyi olan şəxslərin davamlı məşğulluq imkanlarının genişləndirilməsi də diqqət mərkəzində olacaq.
Konfransda ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən mütəxəssislərin iştirakı nəzərdə tutulur. Azərbaycan dövlət qurumlarının və özəl sektorun nümayəndələri də bu sahədə həyata keçirilən təşəbbüsləri və uğurlu təcrübələri təqdim edəcəklər.
Tədbirin 200-ə yaxın yerli və beynəlxalq iştirakçını qəbul etməsi planlaşdırılır.
Konfrans Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.
Tədbirin baş sponsoru “AzerGold” QSC, sponsorları isə BP Azərbaycan, AZAL və “Air Arabia”dır. Konfrans Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SOCAR Midstream Gas Operations” və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunur.
Beynəlxalq konfransın inklüziv məşğulluğun inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hər kəs üçün bərabər iş imkanlarının təşviqinə töhfə verməsi gözlənilir.
