Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat başlayır.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC ilə Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkil etdiyi yarmarkaya qeydiyyat sentyabrın 7-si saat 11:00-da başlayacaq və sentyabrın 9-u saat 23:59-da başa çatacaq.
Arıçılar qeydiyyatdan onlayn qaydada bal.kendden.az portalı vasitəsilə keçə bilərlər. Qeydiyyat 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təsərrüfatında minimum 40 arı ailəsi bəyan etmiş fermerlər üçün açıq olacaq.
Yarmarkada iştirak hüququ qazanan arıçılara bu barədə SMS vasitəsilə məlumat göndəriləcək.
Hər arıçı satış üçün maksimum 450 kiloqram balı, o cümlədən qablaşdırmanın çəkisi, həmçinin 30 ədəd arı şanını təqdim edə biləcək.
Yarmarkada satışa çıxarılacaq məhsulların qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri də yoxlanılacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bal nümunələrindən saxaroza analizi götürərək laboratoriyada araşdırma aparacaqlar. Tələblərə cavab verməyən məhsulların satışına icazə verilməyəcək.
Qeyd edək ki, yarmarkada iştirak üçün müraciət və məhsulların analizindən ödəniş tutulacaq. İştirakçı arıçılar satış yeri, zəruri avadanlıqlar, marketinq və PR dəstəyi, eləcə də digər xidmətlərlə təmin olunacaqlar.
