Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə kvadratmetrə görə nə qədər kompensasiya veriləcək?

Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə kvadratmetrə görə nə qədər kompensasiya veriləcək?

Bakının Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi planlaşdırılır. Söküntü zamanı sakinlərə veriləcək kompensasiya məbləğləri ilə bağlı ilkin rəqəmlər də açıqlanıb.

Xəbəraxını Baku.ws-ə  istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə, söküntü işlərinin əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə etməsi nəzərdə tutulur.

Onun bildirdiyinə görə, sökülməsi planlaşdırılan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar hazırlanıb. Sənədlərdə binaların qəzalı olduğu və orada yaşamağın sakinlərin təhlükəsizliyi üçün risk yaratdığı qeyd edilib.

Ərazilərdə yalnız söküntü işlərinin aparılması nəzərdə tutulmur. Bəzi sahələrdə dövlət vəsaiti hesabına abadlıq işlərinin görülməsi, parkların salınması və yol infrastrukturunun yaxşılaşdırılması planlaşdırılır. İnvestisiya layihələrinin həyata keçiriləcəyi ərazilərdə isə köhnə binaların yerində yeni yaşayış binaları tikiləcək.

Vüqar Oruc bildirib ki, investor hesabına söküləcək binaların sakinlərinə yeni tikiləcək binalardan mənzillər veriləcək. Tikinti müddətində isə onların kirayə xərclərinin qarşılanması üçün kompensasiya ödənilməsi nəzərdə tutulur.

Kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq. İlkin qiymətləndirmələrə əsasən, bəzi ərazilərdə mənzilin hər kvadratmetri üçün təxminən 2 000-3 000 manat kompensasiya ödənilməsi gözlənilir. Mərkəzdən nisbətən uzaq və yeni yaşayış binasının tikintisi üçün əlverişli hesab edilməyən ərazilərdə isə məbləğin 2 000-2 500 manat arasında dəyişəcəyi ehtimal olunur.

Bununla belə, konkret kompensasiya məbləğləri ayrı-ayrı ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən və 50-dən çox ailənin yaşadığı məcburi köçkünlərə aid evlərlə bağlı da sənədləşmə və inventarizasiya işləri aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir