Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur.
AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, söküləcək binaların yekun siyahısını hazırda açıqlamaq mümkün deyil. Onun sözlərinə görə, bunun səbəbi dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır.
Məlumata görə, söküntü və yenidənqurma işlərinin Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətlərini əhatə etməsi gözlənilir.
İlkin olaraq texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binaların sökülməsi planlaşdırılır. Bununla yanaşı, ərazilərdə abadlıq və yeni tikinti işlərinin aparılması da nəzərdə tutulur.
Vüqar Orucun sözlərinə görə, Ağa Nemətulla və Təbriz küçələri, həmçinin metro ətrafında artıq müəyyən yenidənqurma işləri həyata keçirilib. Mövcud layihələr başa çatdıqdan sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenidən qurulması planlaşdırılır.
Qeyd olunub ki, işlər Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçiriləcək. İlkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulsa da, gələcəkdə yenidənqurma prosesinin digər əraziləri də əhatə etməsi gözlənilir.
