Bakıdan Tbilisiyə uçuş həyata keçirən aviareysin sərnişinlərindən birinin üzərində narkotik vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbirləri zamanı hadisə üzə çıxarılıb.
Bildirilib ki, Bakı-Tbilisi aviareysi ilə yola düşməyə hazırlaşan Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən narkotik vasitə aşkar edilib. Kustar üsulla hazırlanmış maddənin ümumi təmiz çəkisinin 15,849 qram kokain olduğu müəyyənləşdirilib.
Bunun ardınca gömrük əməkdaşları tərəfindən keçirilən əlavə tədbirlər zamanı həmin şəxsin kirayədə qaldığı mənzilə də baxış keçirilib.
Axtarış zamanı evdən 16 qrama qədər qurudulmuş marixuana, bir bükümdə 2,440 qram çətənə bitkisinin toxumları, həmçinin 2 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.
Faktla bağlı hazırda araşdırma aparılır.
