Bakının Səbail rayonunun Badamdar qəsəbəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatın daxil olmasından dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə göndərilib.
Hadisə yerinə baxış zamanı müəyyən edilib ki, partlayış binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında baş verib. İlkin ehtimala görə, partlayışa qazla işləyən cihaz səbəb olub.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
