Bakının Səbail rayonunun Badamdar qəsəbəsi, Buta küçəsində bir neçə ay əvvəl inşa edilən qeyri-yaşayış obyekti ətrafında narazılıq yaranıb.
Yerli sakinlər tikinti zamanı ərazidəki ağacların məhv edildiyini və obyektin qanunsuz inşa olunduğunu iddia ediblər. Onların sözlərinə görə, ərazidə yüksək gərginlik xəttinin olması da tikinti ilə bağlı təhlükəsizlik suallarını gündəmə gətirir.
Xəbəraxını “Baku TV”yə istinadən xəbər verir ki, sakinlərdən biri ərazidəki yaşıllıqların məhv edilərək onların yerində obyekt tikildiyini bildirib. O, yüksək gərginlik xəttinin yaxınlığında belə bir obyektin yerləşdirilməsinin təhlükə yarada biləcəyini qeyd edib.
Badamdar qəsəbə icra nümayəndəsi Samir Zamanov isə obyektin yerləşdiyi torpaq sahəsinin mülkiyyət sənədlərinin olduğunu və qanunsuz tikinti ilə bağlı iddiaların əsassız olduğunu açıqlayıb.
Səbail Rayon İcra Hakimiyyətindən də bildirilib ki, torpaq sahəsi xüsusi mülkiyyətdədir və tikinti işləri aidiyyəti qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında həyata keçirilib.
Bununla belə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin apardığı araşdırma zamanı ərazidə ağacların kəsilməsi faktı aşkarlanıb. Məlumata görə, qeyri-yaşayış obyektinin tikintisi zamanı 15 ağac və 3 kol bitkisi kəsilib.
Aparılan hesablamalar nəticəsində təbiətə 22 740 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın cinayət tərkibi yaratdığı bildirildiyindən, məsələyə hüquqi qiymət verilməsi üçün toplanan materiallar Baş Prokurorluğa göndərilmək üçün hazırlanır.
