Azərbaycanda istilik mövsümünün başlama tarixi açıqlandı – Bakıda nə vaxt istilik veriləcək?

Azərbaycanda istilik mövsümünün başlama tarixi açıqlandı – Bakıda nə vaxt istilik veriləcək?

Azərbaycanda 2026–2027-ci illərin payız-qış mövsümündə mənzillərə istiliyin nə vaxt veriləcəyi məlum olub. Bakı və ölkənin əksər ərazilərində istilik mövsümü noyabrın 15-də başlayacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-da məlumat verilib.

Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli, 128 nömrəli qərarı ilə təsdiqlənmiş “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, paytaxtda və respublikanın əksər bölgələrində istilik mövsümü aprelin 15-dək davam edəcək.

Lakin bir sıra şəhər və rayonlarda istilik daha erkən veriləcək. Həmin ərazilərdə mövsüm noyabrın 1-dən başlayaraq mayın 1-dək davam edəcək.

Bu ərazilər aşağıdakılardır:

Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala.

Qurumdan bildirilib ki, istiliyin verilməsinə başlanması barədə abonentlərə ən azı 10 gün əvvəl rəsmi internet səhifəsi, kütləvi informasiya vasitələri və yaşayış binalarının girişlərində yerləşdirilən elanlar vasitəsilə məlumat veriləcək.

Həmçinin hava şəraiti və mövsümə hazırlıq vəziyyəti nəzərə alınmaqla, istisna hallarda istilik mövsümünün başlanma tarixi dəyişdirilə bilər. Bunun üçün havanın yalnız ayrı-ayrı günlərdə deyil, davamlı və əhəmiyyətli dərəcədə soyuması əsas götürülməlidir. Belə qərarlar müvafiq dövlət orqanları məlumatlandırılmaqla qəbul ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir