2027-ci ildə Azərbaycanda gəlirlər sahəsində bir sıra yeni tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Qarşıdakı dövr üzrə siyasətin əsas məqsədləri iqtisadi inkişafın sürətləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və investisiya mühitinin yaxşılaşdırılmasıdır.
Bu istiqamətdə vergi borclarının idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi planlaşdırılır.
2027-ci il üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri biznes və investisiya mühitinin daha əlverişli və proqnozlaşdırılan səviyyəyə gətirilməsidir. Müddəti başa çatan vergi güzəştləri və azadolmalarının uzadılması, həmçinin qeyri-neft sektorunun inkişafını dəstəkləyən yeni güzəştlərin tətbiqi nəzərdə tutulur.
Vergi inzibatçılığı və nəzarət mexanizmlərinin də təkmilləşdirilməsi planlaşdırılır. Bu çərçivədə vergitutma bazasının genişləndirilməsi, vergitutma obyektlərinin daha dəqiq müəyyənləşdirilməsi, uçot və hesabat qaydalarına, eləcə də ödəniş intizamına nəzarətin gücləndirilməsi qarşıya məqsəd qoyulub.
Vergi borclarının tənzimlənməsi ilə bağlı mexanizmlərin sadələşdirilməsi də əsas prioritetlər sırasında yer alır. Ödəmə qabiliyyətində müvəqqəti çətinlik yaşayan, lakin fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha çevik imkanların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, müəyyən şərtlər daxilində vergi borcları üzrə möhlət prosedurlarının təkmilləşdirilməsi, maliyyə sanksiyaları və hesablanmış penyalarla bağlı güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.
