Azərbaycanda investisiya layihələri çərçivəsində təxminən 47 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihələrin reallaşdırılması üçün milyardlarla manatlıq investisiya yatırılması planlaşdırılır.
Xəbəraxını xəbər verir ki, bu barədə “Report”un məlumatına görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda danışıb.
Onun sözlərinə görə, sentyabrın 1-dək Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib. Həmin sənədlər əsasında həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 9,3 milyard manat təşkil edir. Bu layihələr çərçivəsində təxminən 47 min iş yerinin açılması planlaşdırılır.
Elnur Əliyev qeyd edib ki, hazırda 17 strateji istiqaməti əhatə edən investisiya təşviqi mexanizminin müddəti 2029-cu ilədək uzadılıb.
Nazir müavini vurğulayıb ki, investisiya təşviqi sənədlərinin verilməsi ilə yanaşı, layihələrin real nəticələrinin də izlənilməsi vacibdir. Onun sözlərinə görə, yatırımların həyata keçirilməsi, müəssisələrin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin yaradılması diqqətdə saxlanılmalıdır.
Elnur Əliyev, həmçinin bildirib ki, bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu təxminən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb.
Nazir müavini çıxışında infrastrukturun yenilənməsinin də sahibkarlığın inkişafı və müəssisələrin rəqabət qabiliyyəti baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, enerji, su, nəqliyyat və rabitə xidmətlərinin keyfiyyəti istehsal müəssisələrinin gündəlik fəaliyyətinə birbaşa təsir göstərir.
Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu sahədə rəqabətli seçim, risklərin düzgün bölüşdürülməsi və müqavilə öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi vacibdir.
