Azərbaycanda sudan istifadəyə görə ödəniş başladı – kimlərə şamil olunur?

Azərbaycanda sudan istifadəyə görə ödəniş başladı – kimlərə şamil olunur?

Azərbaycanda sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar və müvafiq icazə əsasında həyata keçirilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə vermək səlahiyyəti ADSEA-ya həvalə edilib. Daha sonra 18 dekabr 2025-ci il tarixli Fərmanla bu sahədə icazələrin verilməsi qaydaları təsdiqlənib.

Yeni qaydalar su obyektlərindən texniki qurğu və avadanlıqlardan istifadə etməklə xüsusi məqsədlər üçün yararlanan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə şamil edilir.

Sahibkarlar bunun üçün ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət etməlidirlər. Təqdim olunan sənədlər araşdırılır, tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir və su obyektinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi yoxlanılır.

Araşdırmaların nəticəsinə əsasən icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti su obyektindən istifadənin məqsədi, su ehtiyatlarının potensialı və ekoloji vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilir. Qanunvericiliyə əsasən, su obyektləri fiziki və hüquqi şəxslərin qısamüddətli və ya uzunmüddətli istifadəsinə verilə bilər.

Bildirilib ki, yeni tələblərin tətbiqi su ehtiyatlarından daha səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin qorunmasına və ekoloji tarazlığın saxlanılmasına xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir