Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb. Layihə çərçivəsində xəritələşmə prosesi artıq başa çatıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev Birinci Azərbaycan Regional Akvakultura Forumunda məlumat verib.
O bildirib ki, ilk dəniz milli parkının yaradılması məqsədilə Abşeron Milli Parkının ərazisinə dəniz akvatoriyasının da daxil edilməsi planlaşdırılır.
R.Allahverdiyevin sözlərinə görə, hazırda 700 hektar ərazini əhatə edən Abşeron Milli Parkı ölkənin ən kiçik milli parkıdır. Yeni təşəbbüs çərçivəsində dəniz sahəsinin də mühafizə olunan əraziyə çevrilməsi nəzərdə tutulur.
Həmin akvatoriyada mütəmadi reydlər keçiriləcək, qanunsuz balıq ovunun qarşısının alınması üçün nəzarət tədbirləri gücləndiriləcək.
Xidmət rəis müavini əlavə edib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətinin qorunması əsas prioritetlərdəndir. Balıqların kürüləmə dövründə və digər həssas vaxtlarda mühafizə tədbirləri daha da intensivləşdirilir. Bu məqsədlə bəzi ərazilərdə sutkalıq növbəli iş rejimi tətbiq olunur.
