Azərbaycanda oktyabrın 25-i səhər saatlarından etibarən yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə leysan xarakterli intensiv və güclü yağışlar qeydə alınıb. Neftçalada isə yağıntının miqdarı aylıq normanı ötüb.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Kəlbəcərdə qar örtüyünün hündürlüyü 2 santimetrə çatıb. Bakı və Abşeron yarımadasında 9 millimetrədək yağıntı qeydə alınıb.
Ən çox yağıntı Neftçalada müşahidə olunub. Burada 48 millimetr yağıntı düşüb ki, bu da aylıq normanın 106 faizini təşkil edir. Digər ərazilərdə qeydə alınan göstəricilər belədir:
- Biləsuvar — 21 mm (aylıq normanın 46%-i);
- Mingəçevir — 20 mm (49%);
- Lerik — 15 mm;
- Lənkəran — 11 mm;
- Qobustan, Astara və Daşkəsən — 6 mm;
- Salyan — 5 mm;
- Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax və İmişli — 4 mm-dək.
Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağıb.
Bununla yanaşı, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qaxın Sarıbaş kəndi, Şəki, Xızı, Qrız və Göyçayda duman müşahidə olunur. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
