Astara rayonunda yağan aramsız yağışlar torpaq sürüşməsinə səbəb olub. Nəticədə çay sahilindəki torpaq qatının bir hissəsi uçub, sakinlərin istifadə etdiyi yolun kənarı zədələnib.
Xəbəraxını xəbər verir ki, “APA”nın yaydığı məlumata görə, hadisə gecə saatlarında rayonun Vaqo kəndində, Pensərçayın sol sahilində qeydə alınıb.
Məlumata əsasən, əsası 1988-ci ildə qoyulmuş bəndlər ərazidə yağan güclü yağışlar nəticəsində çayda su sərfinin artması səbəbindən zədələnib. Suyun bəndlərin dib hissəsini yuması nəticəsində 16 sahədə, ümumilikdə 20 metr uzunluğunda torpaq qatı çaya uçub.
Hadisə nəticəsində bəzi sakinlərin məhəllələr arasında istifadə etdiyi yolun kənar hissəsi də çöküb.
Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və texnikaları cəlb olunub. Bəndlərdə cari təmir işlərinə başlanılıb.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Agentliyinə, Regional Su və Meliorasiya Xidməti QSC-yə, eləcə də layihə institutuna məlumat verilib.
