Almaniya Ukraynaya təxminən 1 milyard avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. Paketə uzaqmənzilli silahlar, zərbə dronları və peyk texnologiyalarının daxil olacağı açıqlanıb. Bundan əlavə, Ukraynanın enerji sektorunun bərpasına 350 milyon avro ayrılacaq.
Xəbəraxını “Oxu.Az”a istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bu barədə Kiyevdə keçirilən və “Phoenix” telekanalı ilə yayımlanan mətbuat konfransında məlumat verib.
Mertsin sözlərinə görə, ayrılan vəsaitin bir hissəsi reaktiv pilotsuz uçuş aparatlarına qarşı istifadə ediləcək dronların birgə istehsalına yönəldiləcək. Almaniya həmçinin Ukraynaya Rusiya atıcı qurğularına qarşı istifadə oluna biləcək uzaqmənzilli silahlar, zərbə dronları və peyk texnologiyaları təqdim edəcək.
Kansler bildirib ki, qış mövsümündən əvvəl Ukraynanın enerji sektoruna 350 milyon avro həcmində əlavə yardım göstəriləcək. Bu vəsait generatorların alınmasına, transformator yarımstansiyalarına və zəruri təmir-bərpa işlərinə sərf olunacaq.
Qeyd edək ki, oktyabrın 4-də Fridrix Merts və Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe əvvəlcədən elan edilməmiş səfərlə Kiyevə gediblər. Almaniya hökumətindəki mənbələrin DPA agentliyinə verdiyi məlumata görə, Berlin Ukraynaya minlərlə dron göndərməyi və uzaqmənzilli silahların istehsalı ilə bağlı razılaşmanı yekunlaşdırmağı planlaşdırır.
