2024-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən genişmiqyaslı əməliyyat nəticəsində saxlanılan şəxslərin məhkəmə prosesi başa çatıb.
Qafqazinfo-ya istinadən xəbər veririk ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər Bahadır Qasımov, İkram Qasımov, onların əmisi oğlu Fərhad Quliyev, həmçinin Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov barəsində hökm çıxarılıb.
Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və valyuta tənzimi qaydalarının pozulması ilə bağlı ittihamların sübutlarla təsdiqləndiyi qənaətinə gəlib.
Bununla belə, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib. Sözügedən maddə sanksiyada nəzərdə tutulan ən aşağı həddən də aşağı cəza təyin edilməsinə imkan verir.
Hökmə əsasən, ötən həftə barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilən Bahadır Qasımov azadlıqda qalacaq. Onun həbsdə keçirdiyi 2 il 11 ay müddəti kifayət hesab edilib.
İkram Qasımov və Fərhad Quliyev 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədov 4 il, Vəli Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmədə əmlaklarla bağlı da qərar qəbul olunub. İkram Qasımovun, onun ailə üzvlərinin və digər qohumlarının adına olan, ümumi dəyəri yüz milyonlarla manatla qiymətləndirilən əmlakların əksəriyyəti üzərindəki həbs qərarı ləğv edilib.
Söhbət 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik və yük avtomobillərindən, Bakı və bölgələrdə yerləşən villalardan, çoxsaylı mənzillərdən, qeyri-yaşayış sahələrindən, qayıqlardan və digər əmlaklardan gedir. Bu əmlakların ümumi bazar dəyərinin təxminən 500 milyon manata yaxın olduğu bildirilirdi.
Yalnız İkram Qasımovun Yasamal rayonundakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi və bir neçə nəqliyyat vasitəsi müsadirə olunub. Müsadirə edilmiş əmlakın ümumi dəyərinin 5-6 milyon manat olduğu bildirilir.
Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xarici ölkələrdən Azərbaycana və əks istiqamətdə qanunsuz pul köçürmələri həyata keçirməkdə ittiham olunublar. İstintaq materiallarına əsasən, Yasamal rayonunda “Bahadırın bankı” kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin məbləğin 2 milyon 500 min manatı xidmət haqqı kimi onlara qalıb.
